Bu gün SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Uşaqlar üçün Yaşıl Biliklər” adlı uşaq kitabının təqdimat mərasimi baş tutub. Kitabın müəllifi GEM CSR və ESG Consulting şirkətinin baş direktoru və həmtəsisçisi, Energy Globe Award Azərbaycan mükafatçısı Liya Bayramovadır.
Tədbirdə 50 nəfər məktəbli, pedaqoji heyət və öncədən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Liya Bayramova erkən yaşlardan ekoloji təhsilin vacibliyini vurğulayıb. O, məktəbliləri ekologiya və ətraf mühit sahəsində biliklərini ailə və dost çevrəsində paylaşaraq “ekoloji elçilər” olmağa çağırıb.
“Ümidli Gələcək” İctimai Birliyinin rəhbəri, Tərəqqi medallı Kəmalə Aşumova da çıxış edərək, hər bir uşağın təmiz və təhlükəsiz mühitdə yaşamaq hüququ olduğunu, eləcə də su ehtiyatlarından düzgün istifadə və yaşıllıqların qorunmasının vacibliyinə diqqət çatdırıb.
Öz növbəsində, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun davamlı inkişaf üzrə elmi işçisi Hafizə İmanova isə kitabın elmi və məzmun baxımından əhəmiyyətini vurğulayaraq, onu Azərbaycan dilində nəşr olunan ən mühüm ekoloji əsərlərdən biri kimi dəyərləndirib. Nəşrin beynəlxalq səviyyədə də yüksək qiymət ala biləcəyini bildirib.
PMO.az layihə düşüncə mərkəzinin təsisçisi, beynəlxalq ekspert Rəşad İbrahimov müasir gənclərin davamlı inkişafa olan marağını vurğulayıb. “Belə kitablar təkcə öyrətmir, həm də ruhlandırır. Bu günün məktəbliləri sabahın yenilikçiləri və təbiət keşikçiləridir”,- deyə qeyd edib.
Tədbirin sonunda BANM müəllimi Zaur Balaqadaşov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib və kitabın müəllifinə şagirdlərin ekoloji dünyagörüşünün formalaşmasına verdiyi dəyərli töhfəyə görə minnətdarlığını ifadə edib.
Təqdimat mərasimi müəllifin məktəblilər üçün kitab imzalama sessiyası ilə yekunlaşıb.