Məqsədlərimiz
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin strateji istiqamətləri uşaqların və gənclərin sosial dəstək və reabilitasiya xidmətlərinin gücləndirilməsinə, ictimai maarifləndirmənin artırılmasına, gənclərin və könüllülərin sosial inkişaf prosesinə cəlb edilməsinə, strateji tərəfdaşlıqların qurulmasına və davamlı inkişafın təmin edilməsinə yönəlmişdir. Birlik sosial risk qrupunda olan fərdlərin reabilitasiyasını və cəmiyyətə inteqrasiyasını dəstəkləyən inklüziv proqramlar hazırlayaraq icra edir, həmçinin psixososial dəstək xidmətlərini inkişaf etdirir. Bununla yanaşı, ictimai şüurun artırılması məqsədilə insan hüquqları, uşaq hüquqları, etnik və dini tolerantlıq, gender bərabərliyi mövzularında maarifləndirici kampaniyalar həyata keçirir və sosial problemlərlə bağlı tədqiqatlar apararaq onların nəticələrini cəmiyyətə çatdırır.
Birlik eyni zamanda, uşaqalrın, gənclərin və könüllülərin sosial təşəbbüslərdə aktiv iştirakını təmin etmək üçün müxtəlif proqramlar icra edir, onların liderlik və sosial məsuliyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təlimlər təşkil edir. Qeyri-hökumət təşkilatları, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də təşkilatın əsas prioritetlərindəndir. Bu çərçivədə beynəlxalq sosial proqramlara inteqrasiya olunur, təcrübə mübadiləsi aparılır və digər ölkələrin sosial innovasiya təcrübələri öyrənilərək yerli şəraitə uyğun şəkildə tətbiq edilir.
Davamlı inkişafın təmin edilməsi və resursların səmərəli idarə olunması istiqamətində təşkilat sosial layihələrin maliyyələşdirilməsi üçün uzunmüddətli strategiyalar hazırlayır, fəaliyyətlərin səmərəli qiymətləndirilməsini və hesabatlılığını təmin edir. Həmçinin ekoloji və sosial məsuliyyət prinsiplərinə əsaslanan təşəbbüslərin həyata keçirilməsi təşkilatın dayanıqlı inkişaf strategiyasının ayrılmaz hissəsidir. Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi bu strateji istiqamətlər vasitəsilə cəmiyyətə uzunmüddətli təsir göstərməyi və sosial dəyişikliklərə müsbət töhfə verməyi hədəfləyir.