Etibarlı Gələcək" Təşkilatının Nümayəndələri Bosniya və Herseqovinada Təcrübə Mübadiləsi Proqramında İştirak Edirlər
"Etibarlı Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin Sosial Xidmətlər Mərkəzi nəzdində fəaliyyət göstərən Uşaq və Qadın Qaynar Xəttlərinin nümayəndələri Bosniya və Herseqovinada təcrübə mübadiləsi proqramında iştirak edirlər. Proqramın məqsədi uşaq müdafiəsi, qaynar xətt xidmətlərinin təşkili və bu sahədə xidmətlərin təkmilləşdirilməsi üzrə beynəlxalq təcrübələri öyrənməkdir. Bu təşəbbüs "Etibarlı Gələcək" təşkilatı tərəfindən təşkil olunub və maliyyə dəstəyi "Şərq Qonşuluğunda Dayanıqlığın Gücləndirilməsi" (BREN) təşkilatı tərəfindən təmin olunub.
Təcrübə proqramı çərçivəsində qaynar xətt əməkdaşları "Nova Generacija" təşkilatına məxsus "Plavi Telefon" (Mavi Telefon) mərkəzinə səfər edəcəklər. Onlar öz təcrübələrini bölüşəcək, uşaqlara yönəlmiş yanaşmalar və bu sahədə əldə olunmuş nailiyyətlər barədə məlumat mübadiləsi aparacaq və mərkəzdə tətbiq olunan metodologiyalar, fəaliyyətlər və sosial xidmətlər haqqında öyrənəcəklər.
Dörd günlük proqram həmçinin bir sıra vacib görüş və müzakirələri əhatə edir ki, bu da nümayəndələrə biliklərini artırmaq və sosial xidmətlər sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək imkanı yaradacaq.