Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi olaraq Beynəlxalq QHT Gününü qeyd edirik!
Bu gün, 27 fevral – Beynəlxalq QHT Günüdür! Azərbaycan cəmiyyətinin inkişafında, vətəndaş cəmiyyətinin möhkəmlənməsində və sosial rifahın yüksəldilməsində qeyri-hökumət təşkilatlarının (QHT) rolu danılmazdır. QHT-lər təkcə sosial problemlərin həllində deyil, eyni zamanda dövlət siyasətinin formalaşdırılmasında, ictimai iştirakçılığın artırılmasında və hüquqi mühitin təkmilləşdirilməsində mühüm yer tutur.
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi olaraq, müstəqillik dövründən bu günə qədər fəaliyyətini davam etdirən köklü QHT-lərdən biri olmaqdan qürur duyur, illərdir cəmiyyətimizə xidmət göstərir, insanlarımızın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün yorulmadan çalışırıq. Biz təkcə vətəndaş cəmiyyətinin bir parçası kimi fəaliyyət göstərmir, eyni zamanda birbaşa insanlara xidmətlər təqdim edərək onların sosial, hüquqi və psixoloji problemlərinin həllinə töhfə veririk. Bu, bizim üçün sadəcə bir vəzifə deyil, vicdani və sosial məsuliyyətin göstəricisidir.
Ancaq QHT-lər olaraq yalnız icra etdiyimiz layihələrlə və sosial fəaliyyətlərimizlə kifayətlənməməli. Sosial siyasətdə boşluqları görərək onların aradan qaldırılması üçün təkliflər verməli, hüquqi dəyişikliklərə dair təşəbbüslərlə çıxış etməli və dövlət qurumları ilə əməkdaşlıq etməliyik. QHT-lərin fəaliyyəti təkcə cəmiyyətə xidmətlə məhdudlaşmır, həm də uzunmüddətli və davamlı sistemli dəyişikliklərə səbəb olmalıdır.
Bu əlamətdar gündə bütün QHT-ləri səmimi qəlbdən təbrik edir, göstərdikləri fəaliyyətlərinə görə təşəkkür edirik. Sizin gördüyünüz işlər Azərbaycan cəmiyyətinin daha güclü, daha ədalətli və daha inkişaf etmiş bir gələcəyə doğru irəliləməsinə böyük töhfə verir.
Ümidli Gələcək Sosial Təşəbbüsü olaraq inanırıq ki, birlikdə daha böyük dəyişikliklər edə bilərik!